"S&P": "Shah Deniz Compression" layihəsi qaz hasilatını 50 milyard kubmetr artıracaq
- 13 noyabr, 2025
- 11:00
"Shah Deniz Compression" (SDC) layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.
Bu barədə "Report" "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, SDC layihəsi üzrə yekun investisiya qərarı konsorsium tərəfindən 2025-ci ilin iyun ayında qəbul edilib və layihənin ümumi dəyəri 2,9 milyard ABŞ dolları olaraq qiymətləndirilib.
"S&P"nin gözləntilərinə görə, SOCAR-ın 2025-ci ildə neft hasilatı 2024-cü il səviyyəsində (7-7,5 milyon ton neft və 7-8,5 milyard kubmetr təbii qaz) qalacaq.
"SOCAR ölkədə neft və qaz hasilatına nəzarət edir: 2024-cü ildə onun əsas idarəçiliyində olan aktivlərdə, eləcə də bir sıra nisbətən kiçik birgə müəssisələrdə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr təbii qaz hasil edilib", - agentlik bildirib.
Xatırladaq ki, SOCAR – hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir.
Şirkət Azərbaycan və Türkiyədə neft emalı və neft-kimya obyektlərinin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə marketinq və distribusiya şəbəkələrinin sahibidir.
SOCAR, həmçinin əsas beynəlxalq layihələrdə, o cümlədən 2024-cü ildə 16,8 milyon ton neft və 13,6 milyard kubmetr səmt qazı hasil edilmiş "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında 31,65 % paya malikdir.
Bundan əlavə, şirkət Azərbaycandan Türkiyə vasitəsilə neft və qaz təchizatını təmin edən ixrac boru kəmərlərində, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində 32,97 % paya malikdir.
SOCAR, eyni zamanda Türkiyənin "Petkim" neft-kimya kompleksində 51 % paya, Türkiyədə 2018-ci ildə istismara verilmiş STAR neft emalı zavodunda paya nəzarət edir və "SOCAR Trading" vasitəsilə geniş miqyaslı ticarət əməliyyatları həyata keçirir.
Bundan əlavə, SOCAR-a"Cənub Qaz Dəhlizi"ndə (SGC) 49 % (51 %-i Azərbaycan hökumətinə məxsusdur), "Şah Dəniz" layihəsində 16 %, Cənubi Qafqaz boru kəmərində (SCP) 21,02 %, Transanadolu qaz boru kəmərində (TANAP) 51 % paya malikdir.
"Şah-Dəniz" yatağı iki genişləndirmə layihəsini – "Shah Deniz 2" və "Shah Deniz Compression" (SDC) həyata keçirir. Əsasən artıq başa çatdırılmış "Shah Deniz 2" layihəsi hasilatın 16 milyard kubmetr qaz artırılmasına yönəlib ki, bunun 6 milyard kubmetri TANAP vasitəsilə Türkiyəyə, 10 milyard kubmetri isə TAP qaz kəməri ilə Cənubi Avropaya çatdırılır. Layihə 2020-ci ilin noyabrında başa çatıb.