S&P: “Azərbaycanın qaz sektorunun perspektivləri əlverişlidir”
- 22 yanvar, 2022
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın qaz sektorunun perspektivlərini əlverişli hesab edir.
"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
“Şahdəniz-2” yeni qaz yatağından hasilata 2018-ci ildə başlanılıb. Müvafiq olaraq, Türkiyə və Avropaya qaz tədarükünü həyata keçirən Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri 2019-2020-ci illərdə istismara verilib. Müvafiq olaraq, 2017-2021-ci illərdə Azərbaycanda neft hasilatı, təxminən, 73% artıb. Bəzi rəsmi planlara görə 2025-ci ilə qədər daha 20%-lik artım gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Bununla belə, artıma baxmayaraq, agentliyin analitikləri hesab edir ki, karbohidrogen ixracının 20%-ni təşkil edən qaz bu baxımdan 80%-lik paya malik neftlə müqayisədə uzunmüddətli perspektivdə ixracın az hissəsini formalaşdıracaq.
“Avropada qazın spot qiymətləri rekord səviyyəyə çatsa da, Azərbaycan bundan qismən qazanır, çünki ölkənin müqavilələrinin çoxu uzunmüddətlidir, qiymətlər isə neftə bağlıdır”, - deyə agentliyin məlumatında qeyd olunub.
Şahdəniz” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakı şəhərindən 70 km cənub-şərqdə yerləşir, hasilatın pay bölgüsü sazişi (PSA) çərçivəsində istismat olunur.
Layihə çərçivəsində kommersiya istehsalına 2006-cı ildə başlanılıb. "Şahdəniz"in ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) “Şahdəniz” yatağından təbii qazı nəql edir. Türkiyə-Yunanıstan sərhədi yaxınlığındakı Kipoi ərazisində 878 km uzunluğunda olan boru kəməri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşərək Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçərək İtaliyanın cənubuna keçir.
TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsi Avropanın bir neçə bazarına ildə təxminən 10 milyard kubmetr qaz nəql edə bilər. Boru kəməri ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrə qədər artırmaq imkanı ilə layihələndirilib.