"S&P" Azərbaycanın karbohidrogen ixracında qazın payını təxminən 20 % proqnozlaşdırır

Energetika
  • 23 iyul, 2022
  • 12:06
S&P Azərbaycanın karbohidrogen ixracında qazın payını təxminən 20 % proqnozlaşdırır

Bu il Azərbaycanda neft hasilatı sutkada orta hesabla 0,72 milyon barel səviyyəsində olacaq və 2023-2025-ci illərdə təxminən eyni səviyyədə qalacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Azərbaycan 19-cu əsrdə sənaye neft hasilatına başlamış dünyanın ən qədim neft istehsalçılarından biridir. Mövcud neft yataqları köhnəlir və onların hasilatı azalmaqda davam edir. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı 30 % azalaraq sutkada 1 milyon bareldən təxminən 0,74 milyon barelə düşüb. Neft hasilatı 2022-ci ilin ilk 4 ayı ərzində azalmağa davam edib və illik müqayisədə 4,5 % azalaraq orta hesabla gündə təxminən 0,72 milyon barel olub. Bunun neft yataqlarının köhnəlməsi ilə əlaqədar hasilatın təbii azalması ilə yanaşı bəzi texniki və müvəqqəti faktorlarından qaynaqlandığını düşünürük. Nəticədə, Azərbaycanın son bir neçə ayda hasilatı OPEC+ kvotalarından aşağı olub”, - “S&P” qeyd edib

Agentliyin analitiklərinin fikrincə, neftdən fərqli olaraq, Azərbaycanda qaz sektorunun perspektivləri daha əlverişlidir: “Şahdəniz-2” qaz yatağında (SD II) hasilat 2018-ci ildə başlanıb və bir-birinə bağlı iki boru kəməri - Türkiyəyə qaz nəql edən Trans-Anadolu Qaz Kəməri (TANAP) və Avropaya qaz nəq edən Trans-Adriatik Qaz Kəməri (TAP), müvafiq olaraq 2019-2020-ci illərdə istifadəyə verilib.

Nəticədə, 2017-2021-ci illər arasında Azərbaycanda qaz hasilatı 80 % artıb və rəsmi proqnozlara əsasən, 2025-ci ilə qədər daha 13 % artacaq. Bununla belə, hasilatdakı son artıma rəğmən, ortamüddətli dövrdə neft ixracının təxminən 80 %-i ilə müqayisədə qaz ixracının Azərbaycan iqtisadiyyatında nisbətən cüzi rol oynayacağı və karbohidrogen ixracının təxminən 20 %-ni təşkil edəcəyini gözləyirik”.

44 - Tezliklə