Rövşən Nəcəf: "Dekarbonizasiya investisiyalar uğrunda rəqabətdə uduzur"
- 22 yanvar, 2026
- 15:34
Bu gün dekarbonizasiya investisiyalar uğrunda mübarizədə iqtisadiyyatın digər sektorlarına, xüsusilə də sürətli və aydın kapital geri dönüşü olan yüksək texnologiyalı sahələrə uduzur.
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumu-2026-nın (WEF 2026) çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi üçün enerji keçidinə həm sektorlararası, həm də sektordaxili prizmalardan yanaşmaq vacibdir.
"Sektorlararası rəqabətə baxsaq, son iki ildə digər sahələrdən olduqca güclü təzyiq müşahidə olunur. Hazırda investorlar üçün ən cəlbedici istiqamətlər süni intellekt və böyük həcmdə elektrik enerjisi istehlak edən data mərkəzləridir. İki il əvvəl apardığımız hesablamalar və proqnozlar süni intellekt və məlumat emalı mərkəzləri tərəfindən elektrik enerjisinə tələbatın bu qədər sürətlə artacağını nəzərə almırdı. Nəticədə bu sahələrdəki layihələr çox asanlıqla maliyyə cəlb edir - maliyyə institutları, banklar, həm özəl, həm də iri investorlar bu cür layihələri həvəslə maliyyələşdirirlər. Mənim fikrimcə, sektorlararası rəqabət şəraitində dekarbonizasiya uduzur", – deyə SOCAR-ın rəhbəri bildirib.
R. Nəcəf vurğulayıb ki, enerji sektorunun daxilində də kapital əsasən zəmanətli və ya dəqiq proqnozlaşdırıla bilən pul axınları olan sahələrə yönəlir.
"İnvestisiyalar başa düşülən və dayanıqlı kommersiya modeli olan seqmentlərə gedir. Məsələn, elektrik enerjisinin alqı-satqısı üzrə uzunmüddətli müqavilələr (PPA). Günəş və külək enerjisi, elektromobillər və akkumulyatorlar üzrə layihələrə sərmayə qoymaq mümkündür - bu istiqamətlərdə davamlı tələbat və aydın iqtisadi əsas mövcuddur. Eyni zamanda, maliyyə institutları baxımından kifayət qədər kommersiya cəlbediciliyinə malik olmayan dekarbonizasiyanın digər seqmentləri ciddi investisiya çatışmazlığı ilə üzləşməkdə davam edir", – deyə o əlavə edib.