Rövşən Nəcəf: "Azərbaycan Avropanın və digər regionların enerji təhlükəsizliyində rolunu gücləndirməyə hazırdır"

Energetika
  • 02 oktyabr, 2025
  • 11:13
Rövşən Nəcəf: Azərbaycan Avropanın və digər regionların enerji təhlükəsizliyində rolunu gücləndirməyə hazırdır

Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu prosesdə iştirakını genişləndirməyə hazırdır.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf XVI "Kazenergy" Avrasiya Forumunda "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda çıxışı zamanı bildirib.

"Hazırda Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Avqust ayında Suriyaya qaz tədarükünə başladıq və altı ay əvvəl bu haqda nəsə soruşsaydılar, planımızda olmadığını deyərdik. Biz daha böyük regionda enerji təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazırıq. Bunun üçün kifayət qədər ehtiyatlarımız var", - R.Nəcəf qeyd edib.

O bildirib ki, SOCAR 2022-ci ildən Avropa tərəfdaşlarının xahişi ilə böhran anında Avropaya qaz ixracını təxminən 60 % artırıb.

R. Nəcəf qeyd edib ki, Avropaya qaz ixracı üçün mövcud infrastrukturun tikintisi Azərbaycan və bütün riskləri öz üzərinə götürən tərəfdaşları tərəfindən maliyyələşdirilib: "2022-ci ilədək infrastrukturun genişləndirilməsi barədə planlar yox idi. Lakin, daha çox davamlılıq və böyük həcmdə təchizatı təmin etmək üçün qaz kəmərlərinin genişləndirilməsi tələb olunur".

O bildirib ki, SOCAR avropalı tərəfdaşlarının əməkdaşlığı şərti ilə Avropaya qaz tədarükünü artırmağa hazırdır: "Buraya uzunmüddətli müqavilələrin təmin edilməsi, infrastrukturun genişləndirilməsində bizimlə birgə investisiya daxildir. Bizə Avropa İttifaqının maliyyə institutlarının dəstəyi və Avropa ölkələrindən maliyyələşdirmə lazımdır".

SOCAR-ın rəhbəri, həmçinin əlavə edib ki, şirkətin qiymətləndirməsinə görə, neft və qaz növbəti onilliklər ərzində hələ də istifadə olunacaq: "Təbii qaza gəlincə, biz hesab edirik ki, o ən azı 2070-ci ilə qədər və daha sonra istifadə olunacaq. Məhz buna görə biz qaz sektorundakı layihələrə investisiya yatırırıq".

Bundan əlavə, o vurğulayıb ki, həyata keçirmək, yatırım etmək istədikləri çox sayda planlar var.

Son xəbərlər

Bütün Xəbər Lenti