Rəna Hümbətova: "Azərbaycan 2036-cı ildən sonra "yaşıl hidrogen" ixrac edə bilər"

Energetika
  • 07 sentyabr, 2026
  • 12:05
Rəna Hümbətova: Azərbaycan 2036-cı ildən sonra yaşıl hidrogen ixrac edə bilər

Azərbaycanda 2036-cı ildən sonra "yaşıl hidrogen" ixracı nəzərdə tutulur.

Bunu "Report"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova deyib.

O bildirib ki, "yaşıl hidrogen"in xarici bazarlara çıxarılması ölkənin əsas strateji layihələrindən birini təşkil edir və ən azı iki strateji layihə çərçivəsində "yaşıl hidrogen" ixracı nəzərdə tutulub: "Hazırda "Kearney" konsaltinq şirkəti tərəfindən müvafiq analiz və qiymətləndirmələr aparılır. Aparılan təhlillər göstərir ki, "yaşıl hidrogen"in ixracı real imkan daxilindədir. Lakin indiki şəraitdə Avropada bu sahədə tələbat hələ tam dəqiqləşdirilməyib. Səbəb odur ki, Avropa Komissiyası tərəfindən əvvəllər iki hədəf açıqlanmışdı. Birinci hədəf 10 milyon ton "yaşıl hidrogen"in idxalına aid idi. Hələlik bu hədəfin reallaşması mümkün görünmür".

R. Hümbətova qeyd edib ki, hazırda Avropada yalnız "yaşıl hidrogen" istehsalına dair hədəflərin icrasına diqqət yetirilir: "Məhz buna görə bizim layihəmizdə "yaşıl hidrogen"in ixracı sonrakı mərhələyə aid edilib. Ehtimal olunur ki, bu proses 2036-cı ildən sonra başlaya bilər. Bununla yanaşı, hazırda "yaşıl hidrogen" istehsalı ilə bağlı geniş müzakirələr gedir. Bu, birinci növbədə Azərbaycanda "local capacity" adlandırdığımız yerli potensialın öyrənilməsi ilə əlaqədardır. Yerli imkanların araşdırılması bir pilot layihənin hazırlanmasını və onun üzərində ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılmasını əhatə edir. Hazırda bu işlər "DNV Consulting" şirkəti tərəfindən icra olunur".

Agentlik rəsmisi həmçinin vurğulayıb ki, Azərbaycanda hidrogen klasteri ilə bağlı fəaliyyətlər və klasterlərin inkişafı istiqamətində işlər davam etdirilir: "İlk pilot layihəyə hələ start verilməyib. Artıq bu sahədə prioritet istiqamətlər müəyyənləşdirilir və bundan sonra daxili tələbata uyğun olaraq əsas istiqamət təyin olunacaq. Növbəti addımda ilkin mərhələdə texniki-iqtisadi əsaslandırma hazırlanacaq, ardınca isə pilot layihənin tətbiqinə dair işlər görüləcək. Əgər əsaslandırma nəticəsində "yaşıl hidrogen"in istifadəsi iqtisadi və texniki baxımdan məqsədəuyğun hesab olunarsa, pilot layihənin reallaşdırılması istiqamətində konkret addımlar atılacaq".