Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
- 02 iyun, 2026
- 14:17
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda sərbəst təbii qaz ehtiyatları blokun iki zonasında - "Azəri" və "Günəşli"də aşkarlanıb, bununla belə bu ehtiyatların dəqiq qiymətləndirilməsi hələlik məlum deyil.
"Report" xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda keçirilən brifinqdə bildirib.
"Günəşli" zonasında çıxarıla bilən sərbəst təbii qaz ehtiyatları 4 trilyon kubfut həcmində qiymətləndirilir, bu da əlavə texnologiyalar hesabına 6 trilyon kubfuta çata bilər, "Azəri" zonasındakı ehtiyatlar isə hələlik qiymətləndirilməyib", - Q. Birrel deyib.
Onun sözlərinə görə, dərində yerləşən laylarla bağlı hələ də çoxlu naməlum məqamlar və qeyri-müəyyənliklər qalmaqdadır.
"Azəri" zonası üzrə biz hələ hesablamalar aparmamışıq, bizdə məlumat yoxdur. Biz dünən aşağı laydan sərbəst təbii qaz hasilatına başladıq. Növbəti bir neçə həftə ərzində yuxarı laydan hasilata başlayacağıq və qaz Qərbi Çıraq platformasına, oradan Səngəçal terminalına və daha sonra - bazara yönəldiləcək. Lakin bu qazın alıcısının kim olacağı barədə danışmaq hələ tezdir, bunun üçün danışıqlar aparılmalıdır", - o bildirib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,925 %) pay sahibidir.