Qlobal təbii qaz hasilatında və ixracında Azərbaycanın payı açıqlanıb
- 12 noyabr, 2022
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qlobal təbii qaz hasilatındakı payı 2000-ci illərdə artmış və o vaxtdan Qazaxıstandakı kimi təxminən 0,6 % səviyyəsində xeyli müddət sabit qalıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.eee
“Təbii qaz hasilatındakı artım ixracatın 2010-cu illə müqayisədə 2019-cu ildə təxminən 0,4 milyard ABŞ dollarından 2,4 milyard ABŞ dollarına, ölkənin ümumi ixracında payının isə 1,4 %-dən 12 %-ə yüksəlməsilə müşayiət olunub. Qlobal miqyasda Azərbaycanın payına bütün qaz ixracının təqribən 0,8 %-i və boru kəməri ilə ticarət edilən qazın 2,4 %-i düşür”, - hesabatda deyilir.
Dünya Bankı bildirir ki, Azərbaycan hazırda bütün təbii qazını boru kəməri ilə ixrac edir və nəticədə onun ixracı coğrafi baxımdan yüksək konsentrasiyaya malikdir. 2019-cu ildə təbii qazın 78 %-i Türkiyəyə, 21 %-i isə Gürcüstana ixrac edilib.
“Lakin bu coğrafi istiqamətlərin yeni boru kəmərlərin inşası nəticəsində dəyişəcəyi nəzərdə tutulur. 2020-ci ilin dekabr ayında Azərbaycan mövcud Trans-Anadolu Boru Kəməri (TANAP) və Azərbaycanı Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliya ilə birləşdirən yeni Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində İtaliyaya ilk dəfə olaraq təbii qaz ixrac edib”, - hesabatda qeyd olunur.
2021-ci ildə Azərbaycan İtaliyaya 6,8 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə isə İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixracı planlaşdırılır.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 12 milyard kubmetr təşkil edəcək. 2022-ci ildə 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək.
“2019-cu ildə Azərbaycan dünya miqyasında təxminən 12 milyard kubmetr təbii qaz ixrac edib. İtaliya təbii qaz üçün çox böyük bazardır və qlobal idxalın təxminən 5 %-i onun payına düşür. Hazırda İtaliyanın təbii qaz idxalını əsasən Rusiya (39 %), Əlcəzair (29 %) və Qətər (8 %) təmin edir”, - hesabatda qeyd olunur.
Dünya Bankı bildirir ki, Azərbaycanda təbii qazın əhəmiyyəti getdikcə artır: “Son iyirmi ildə hasilat təxminən 5 dəfə artaraq 2000-ci ildəki 5 milyard kubmetrdən 2019-cu ildə 24 milyard kubmetrə çatıb. Son onillikdə artım tempi əvvəlki onilliklə müqayisədə zəifləmişdir. Bununla belə, hasilat 2019-cu ildə 28 % kəskin artım nümayiş etdirib.
Azərbaycan hazırda hasil etdiyi təbii qazın təxminən yarısını ilk növbədə elektrik enerjisi istehsalı, daha az hissəsini isə isitmə üçün istehlak edir, qalan hissəsi isə ixrac olunur. İxracın bu səviyyəsi digər əhəmiyyətli təbii qaz istehsalçıları ilə müqayisədə nisbətən aşağıdır. Bununla belə, daxili istehlakın azaldılması ixrac üçün mövcud olan təbii qazın həcmini artıra bilər. Daxili istehlakın azaldılması ya enerji səmərəliliyinin artırılması kimi siyasətlər, ya da təbii qazın elektrik enerjisi istehsalında bərpa olunan mənbələrlə əvəzlənməsi vasitəsilə mümkündür. Azərbaycanın hasilatın ehtiyatlara nisbəti də yüksəkdir ki, bu da hasilatın artırılması üçün imkanların olduğunu göstərir”.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib.Bu, ötən ilin müvafiq dövrünə nisbətən 7,3 %, yəni 2,6 milyard kubmetr çoxdur.