Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Energetika
  • 01 oktyabr, 2026
  • 17:04
Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymət artımını yalnız müharibələrlə əlaqələndirmək yanlış olardı: "Hazırkı enerji böhranının səbəbi odur ki, biz bazarlarımızı enerji təhlükəsizliyinin təmin olunmasına hazırlamamışıq. Biz buna lazımi diqqət yetirməyi dayandırmışıq".

B.Şaffer qeyd edib ki, 2010-cu illərdə Afrikada, o cümlədən Şərqi Afrikada əhəmiyyətli neft və qaz ehtiyatları aşkar edilib. Onun fikrincə bu ehtiyatlar Yaxın Şərqdən olan tədarükün mühüm bir hissəsini əvəz edə bilərdi.

Professorun sözlərinə görə, müharibələrin və müxtəlif böhranların qarşısını tamamilə almaq qeyri-mümkündür, lakin enerji həssaslığını azaltmaq olardı: "Müharibələr hər zaman olacaq, hər hansısa böhranlar baş verəcək. Bunun qarşısını almaq qeyri-mümkündür. Lakin qarşısını almaq mümkün olan məsələ enerji həssaslığı idi".