Qırğızıstan Azərbaycandan neft, elektrik enerjisi tədarükünə və SES-lərin birgə tikintisinə maraq göstərir

Energetika
  • 30 aprel, 2024
  • 12:38
Qırğızıstan Azərbaycandan neft, elektrik enerjisi tədarükünə və SES-lərin birgə tikintisinə maraq göstərir

Qırğızıstan Azərbaycandan neft, elektrik enerjisi və kabel məhsullarının tədarükündə maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev məlumat verib.

Nazir Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və bildirib ki, o, əvvəllər azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə əlaqələrin qurulması imkanlarını dəfələrlə müzakirə edib: “Azərbaycan təbii qazdan elektrik enerjisi istehsal edərək İran, Türkiyə və Gürcüstana ixrac edir. Mənim azərbaycanlı həmkarlarımla bu elektrik enerjisinin Qırğızıstana ixracı məsələsini müzakirə etmək imkanım oldu. Təbii ki, su elektrik stansiyalarının tikintisinə də böyük maraq var”.

Bundan başqa, T.İbrayevin sözlərinə görə, Qırğızıstan Azərbaycanın kabel məhsullarına maraq göstərib: “Onların çox yaxşı transformator və kabel məhsulları istehsalı var. Razılaşdıq ki, mən iyun ayında Bakı Enerji Həftəsində iştirak edəcək və CIP-kabelləri, yüksək gərginlikli kabellər istehsal edən zavodlara səfər edəcək bir qrup mütəxəssis göndərəcəyəm”.

Nazir onu da əlavə edib ki, Azərbaycan Qazaxıstan və Özbəkistanla enerji nəqli üçün Xəzər dənizinin dibi ilə elektrik enerjisinin ötürülməsi üçün kabel çəkməyi planlaşdırır: “Azərbaycan tərəfinin diqqətinə çatdırdım ki, əgər bu elektrik ötürücü şəbəkə yaradılarsa, Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstanın ehtiyacları üçün elektrik enerjisi əldə etmək çətin olmayacaq. Çünki bizim bununla bağlı lazımi şəbəkəmiz var. Bunun üçün bizim bütün texniki imkanlarımız var”.

Qırğızıstanın energetika naziri əlavə edib ki, mayın 2-3-də Daşkənddə keçiriləcək enerji forumunda azərbaycanlı həmkarı ilə bu məsələləri müzakirə etməyi gözləyir.

Eyni zamanda o qeyd edib ki, bu yaxınlarda Azərbaycanla imzalanmış energetika sahəsində Əməkdaşlıq Memorandumu çərçivəsində Qırğızıstan ilk növbədə Azərbaycan neftinin idxalına arxalanır: “Bildiyiniz kimi, Azərbaycan çoxlu neft və yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, həmçinin qaz ixrac edir və başqa ölkələrdə, məsələn, Türkiyədə neft emalı zavodlarına malikdir. Tezliklə Cunda neft emalı zavodu fəaliyyətə başlayacaq. Əlavə təxminən 1 milyon ton neftə ehtiyacımız var”.

Nazir əlavə edib ki, Azərbaycana səfəri zamanı “Qırğıztransnefteqaz” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərlərinin ilk görüşü baş tutub: “Onlar neft tədarükü ilə bağlı məsələləri müzakirə ediblər. İndi biz logistika ilə bağlı məsələləri həll etməliyik. Ümid edirəm ki, Azərbaycan neft və neft məhsullarının tədarükü sahəsində əməkdaşlığa hazırdırlar”.