Qazaxıstanın Energetika Nazirliyi: Karbohidrogenlərin Azərbaycan ərazisi ilə nəqli əsas məsələlərdəndir
- 05 dekabr, 2018
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Qazaxıstanın neft-qaz sektorunda əsas məsələlərdən biri karbohidrogen xammalının Azərbaycan ərazisi ilə Qara dəniz sahilindəki Batumi və Kulevi terminallarına nəqlidir.
Bunu “Report”a Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Qazaxıstan nefti və neft məhsullarının Azərbaycan ərazisi ilə nəqli məsələsinə dair hər iki ölkənin işçi qruplarının birinci iclasında irəli sürülən maye qazın ötürülməsi üçün müvafiq infrastruktur yaratmaq, həmçinin Qazaxıstan nefti, neft məhsulları və təbii qazının Azərbaycan dəmir yolları ilə daşımalarının artırılması təklifləri diqqət mərkəzindədir.
“Qazaxıstan neftinin Azərbaycan vasitəsilə tranzit imkanları hazırda həmin neftin başqa ölkələrə ixracı üçün yetərli infrastrukturun mövcud olması, o cümlədən Qazaxıstan Boru Kəməri Konsorsiumuna məxsus boru kəmərinin genişlənməsi nəzərə alınmaqla araşdırılır. Bundan sonra Qazaxıstanda karbohidrogen xammalı hasilatı artınca, həmçinin iqtisadi cəhətdən əlverişli olduğu təqdirdə Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracı məsələsi aidiyyatı tərəflərin müzakirəsinə çıxarılacaq,” – nazirlikdən bildirilib.
Bununla yanaşı, Azərbaycanda və Qazaxıstanda neft servisi sahəsində iki ölkə arasında müştərək müəssisələr yaratmaq barədə Azərbaycan tərəfinin hər cür təkliflərini nəzərdən keçirməyə hazır olduqları da diqqətə çatdırılıb.