Qazaxıstan neftini Azərbaycana yeni alınmış iki tanker daşıyacaq
- 25 iyun, 2023
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan neftinin sonradan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsi üçün Xəzər dənizində daşınmasına iki yeni tanker cəlb edilib.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, neft daşımasını Qazaxıstan-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft tankerləri həyata keçirəcək.
Qazaxıstanın “Samruk-Kazına” Fondunun məlumatına görə, “KazMunayQaz” şirkətinin törəmə müəssisəsi olan "Kazmortransflot" və “Abu Dhabi Ports” (BƏƏ) arasında yaradılan birgə müəssisə - “Caspian Integrated Maritime Solutions” hər biri 8 min tonluq iki tanker alıb.
Tankerlərin dəyəri təqribən 30 milyon ABŞ dolları təşkil edir.
Bu tankerlərin Xəzər dənizinə 2023-cü ilin dördüncü rübündə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, tankerlər Qazaxıstan neftinin Aktau-Bakı marşrutu ilə daşınmasına cəlb olunacaq. “Samruk-Kazına” Fondu xatırladıb ki, ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin nəqlinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Qazaxıstan və Azərbaycan donanmalarından paritet əsasda istifadə olunacaq. İki yeni tanker ildə 1,5 milyon tonun 50 %-ni daşımaq iqtidarındadır.
Fond həmçinin qeyd edir ki, əlavə tankerlərin alınması ilə bağlı qərar neft daşımalarının həcminin artırılması üçün yeni razılaşmalar əldə olunarsa, həmçinin mövcud donanmanın istismardan çıxarılması qrafiki əsasında veriləcək.