"Qaradağ" GES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
- 02 oktyabr, 2025
- 15:20

"Qaradağ" Günəş Elektrik Stansiyası (GES) istismara verildiyi dövrdən indiyədək 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edib.
"Report"un Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər qoyuluş gücündə bərpa olunan mənbələrdən istifadə edən stansiyaların payını 30 %-ə çatdırmağı hədəfləyir: "Bu istiqamətdə intensiv işlərimiz davam edir. Əsas tərəfdaşlarımızdan biri "Masdar" şirkətidir. Onun artıq 230 meqavatlıq elektrik stansiyası Qaradağ ərazisində istismara verilib. Oktyabrın 26-da bu layihənin istismara verilməsinin iki ili tamam olacaq. Biz onu istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilovat/saat elektrik enerjisini əldə olunacaq. İki ilin tamamında 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir".
C. Abdullayev həmçinin qeyd edib ki, əgər proseslər planlaşdırılan sürətlə davam edərsə, 30 % göstəricisinə daha tez, yəni 2027-ci ilin sonuna qədər nail olunacaq.
Qeyd edək ki, 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında icra sazişi imzalanıb. Sənəd "Masdar"ın Azərbaycanda 230 MVt gücündə GES tikintisi üzrə pilot layihəni həyata keçirməsini nəzərdə tutur. Bununla bağlı 6 aprel 2021-ci il tarixində bir tərəfdən Azərbaycan Energetika Nazirliyi və "AzərEnerji" ASC, digər tərəfdən isə "Masdar" şirkəti arasında investisiya sazişi, elektrik enerjisinin alqı-satqı müqaviləsi və paylama şəbəkəsinə qoşulma müqaviləsi imzalanıb.
Xəzər regionunda və MDB məkanında ən böyük GES-lərdən biri olan stansiya Ələt kəndindən 9 km şimal-qərbdə tikilib.
İlkin hesablamalara görə, stansiya ildə 500 milyon kVts elektrik enerjisi istehsal edəcək, 110 milyon kubmetr təbii qaza qənaət edəcək, 200 min tondan artıq karbon emissiyasının qarşısını alacaq, 110 min evi elektrik enerjisi ilə təmin edəcək.
Layihənin ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir və tamamilə xarici investisiyalar hesabına həyata keçirilib. 2022-ci il martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Əl Mazruinin iştirakı ilə "Qaradağ" GES-in təməlqoyma mərasimi olub.