Qarabağdakı qaz və elektrik xətlərinin monitorinq edilməsi təklif olunur

Energetika
  • 16 dekabr, 2022
  • 07:54
Qarabağdakı qaz və elektrik xətlərinin monitorinq edilməsi təklif olunur

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin və “Azerenerji” ASC-nin Xankəndiyə gedən, istismar müddəti başa çatmış qaz və elektrik xətlərinin monitorinqini aparması təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu çıxış edib.

"Bu, çox vacib məsələdir, hesab edirəm ki, vətəndaş cəmiyyətinin üzvlərinin tələblərindən biri də bu olmalıdır. Çünki, ermənilərin Azərbaycanın təbiətinə vurduğu zərbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su ehtiyatlarımız 17 % azalıb. Köhnəlmiş qaz və elektrik kəmərləri yanğınlara səbəb ola bilər. Azərbaycan ərazisinin cəmi 14%-i meşə örtüyü ilə əhatələnib. Yanğın baş verərsə, bu, ekoloji fəlakətə səbəb ola bilər. Hər iki təşkilat vaxt itirmədən monitorinqlər aparmalıdırlar", - deyə o qeyd edib.