Qara dənizin dibinin geotexniki və geofiziki tədqiqatlarına başlanılır
- 01 iyun, 2026
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Qara dəniz sualtı kabeli layihəsi çərçivəsində, layihənin tikinti üçün yararlı olub-olmadığını müəyyən edəcək Qara dənizin dibinin geotexniki və geofiziki tədqiqatlarına başlanılır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın Avropa ilə əlaqəsini təmin edəcək iki dəhliz mövcuddur: "Bu dəhlizlər də xarici şokların öhdəsindən gəlmək və yerli generasiyanı tənzimləyərək onlar vasitəsilə Avropaya çatdırmaq, eləcə də Avropa bazarları ilə elektrik enerjisi ticarətinə başlamaq imkanı yaratmaq üçün ən vacib amildir. Bu iki dəhlizdən birincisi, Gürcüstanı Rumıniya ilə birləşdirən 1 300 meqavat gücündə Qara dəniz sualtı kabelidir. İkinci layihə isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə səyi və təşəbbüsü olan, Cənubi Qafqaza Avropaya 4 000 meqavat həcmində elektrik enerjisi çatdırmağa imkan verəcək layihədir. Hazırkı mərhələdə hər iki layihənin texniki-iqtisadi əsaslandırması başa çatıb. Qara dəniz sualtı kabeli layihəsi çərçivəsində, layihənin tikinti üçün yararlı olub-olmadığını müəyyən edəcək Qara dənizin dibinin geotexniki və geofiziki tədqiqatlarına başlanılır. 4 000 meqavatlıq "Yaşıl Enerji Dəhlizi" (GECO) layihəsində isə Qara dənizdəki tədqiqatların miqyası işlənilir və plana əsasən, bu tədqiqatların da cari ildə başlaması gözlənilir".
Qonaq əlavə edib ki, Qara dəniz sualtı kabeli layihəsinə 2026-cı ilin əvvəlində Avropa Parlamenti və Komissiyasının verdiyi PMI statusu, Qara dəniz regionunda yerləşən ölkələrin əməkdaşlığı nəticəsində dəhlizin bütün icazələri daha sürətlə almasına imkan yaradır: "Bu, Türkiyə, Bolqarıstan və digər ətraf ölkələr daxil olmaqla, bütün maraqlı tərəflərin mənafeyinə uyğundur və ümumilikdə bərpa olunan enerjinin inkişafı üçün şaxələndirməni və dayanıqlılığı təmin edəcək".