Portuqaliya Azərbaycandan neft idxalını 35 % artırıb

Energetika
  • 20 iyun, 2022
  • 10:38
Portuqaliya Azərbaycandan neft idxalını 35 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Portuqaliyaya 607 min 944,06 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 428 milyon 162,99 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 34,7 %, dəyəri isə 2,2 dəfə çoxdur.

Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,34 % olub. Portqaliya həcmlərinə görə Azərbaycandan xam neft ixrac edən beşinci ölkədir. Ötən ilin eyni dövründə də siyahıda beşinci olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.