“Plinacro”: "Cənub Qaz Dəhlizi Aİ-nin az karbon siyasətinə dəstəkdir"
- 02 fevral, 2022
- 16:12
Cənub Qaz Dəhlizi (SGC) Avropa enerji sistemi, xüsusilə də Cənub-Şərqi Avropanın qaz sistemi üçün böyük əhəmiyyət kəsb edir.
Bunu “Report”a Xorvatiyanın “Plinacro” dövlət təbii qaz nəqli operatorunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İva Kiriniç Silov bildirib.
“Cənub Qaz Dəhlizi nəinki Avropanı əlavə qaz həcmləri ilə təchiz edir, həm də tədarükün şaxələnməsinə və təhlükəsizliyinə, Cənub-Şərqi Avropanın bir sıra bölgələrinin qazla təminatına, Avropa İttifaqının az karbon siyasətinə töhfədir, əsas enerji mənbəyi kömür olduğu bölgələrdə qazın keçid enerji mənbəsi kimi tətbiqinə təkan verir”, - K.Silov qeyd edib.
SGC-in Məşvərət Şurasının bu layihənin inkişafı, yeni qaz kəmərlərinin tikintisi, layihə iştirakçıları arasında məlumat mübadiləsi, yeni təmaslar qurmaları baxımdan mühüm vasitə olduğu da diqqətə çatdırılıb.
“Xorvatiyanın qaz nəqli sisteminin operatoru olan “Plinacro” bir neçə ildir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edir. Tərəflər arasında ilk anlaşma memorandumu 2013-cü ildə imzalanıb və sonradan müddəti uzadılıb”, – deyən şirkət nümayəndəsi qeyd edib ki, həmin əməkdaşlıq Xorvatiyanın qaz təchizatı şəbəkəsini Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşacaq İonik – Adriatik Qaz Kəməri (IAP) layihəsini inkişaf etdirməyə yönəlib. Bu da Azərbaycan qazının tədarükü üçün yeni xəttin açılması deməkdir.
Xatırladaq ki, Albaniyanın Fieri şəhərindən başlayacaq IAP boru kəməri Adriatik dənizi sahili boyu Albaniya və Monteneqro ərazisindən keçərək Xorvatiyanın Split şəhərində yerli qaz kəmərinə qoşulacaq.