“Petkim” ötən il 145 milyon ABŞ dolları məbləğində xalis mənfəət əldə edib

Energetika
  • 28 mart, 2024
  • 13:33
“Petkim” ötən il 145 milyon ABŞ dolları məbləğində xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan “Petkim Petrokimya Holding” neft-kimya holdinqinin 2022-ci ildəki 1 milyard 280 milyon 543 min türk lirəsi zərərə qarşı 2023-cü ildə 7 milyard 389 milyon 998 min lirə (145,5 milyon ABŞ dolları) xalis mənfəətlə başa vurub.

Bu barədə “Report” Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşdirilən konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2023-cü ildə holdinqin ümumi gəlirlərinin həcmi 60 milyard 441 milyon 264 min lirə təşkil edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 38,2 % azdır.

Ötən il şirkətin istehsal etdiyi məhsulların satışlarının ümumi dəyəri 62 milyard 769 milyon 546 min lirə olub ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 35,4 % azdır.

Hesabatda deyilir ki, ticarət fəaliyyətlərdən 2022-ci ildəki 606 milyon 826 min lirənin qarşılığında holdinq 2023-cü ildə 2 milyard 328 milyon 282 min lirə zərər əldə edib.

Ötən il “Petkim”in əsas əməliyyat ziyanı 4,5 dəfə artaraq 6 milyard 631 milyon 059 min lirəyə çatıb.

2023-cü ildə “Petkim”in maliyyə əməliyyatları üzrə vergiyə qədərki mənfəəti 9 milyard 277 milyon 429 min lirə təşkil edib, 2022-ci ildə isə 3 milyard 885 milyon 110 min lirə məbləğində zərər əldə edilib.

Hesabata görə, 2023-cü ilin sonuna şirkətin aktivlərinin həcmi 95 milyard 790 milyon 584 min lirə təşkil edib. Bu da 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 7,2 % azdır. Bununla belə, “Petkim”in qısamüddətli aktivləri 2,8 dəfə azalaraq 20 milyard 334 milyon 037 min lirəyə enib.

2023-cü ildə “Petkim”in uzunmüddətli aktivləri 75 milyard 456 milyon 547 min lirə olub ki, bu da illik müqayisədə 63,7 % artıma bərabərdir.

Holdinqin öhdəlikləri il ərzində 24,4 % azalaraq 44 milyard 402 milyon 457 min lirə təşkil edib.

Ötən il “Petkim”in məcmu kapitalının həcmi 51 milyard 388 milyon 127 min lirə təşkil edib ki, bu da illik müqayisədə 15,4 % çoxdur. Nizamnamə kapitalı isə daha əvvəlki illə müqayisədə dəyişməyərək 2 milyard 534,4 milyon lirə səviyyəsində qalıb.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında tədavül edilir.

44 - Tezliklə