“Petkim”in fəaliyyətinin optimallaşdırılmasına investisiyalar I rübdə təxminən 2 dəfə artıb

Energetika
  • 14 may, 2025
  • 12:38
“Petkim”in fəaliyyətinin optimallaşdırılmasına investisiyalar I rübdə təxminən 2 dəfə artıb

Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına bu ilin birinci rübündə 976,152 milyon türk lirəsi (cari məzənnə ilə 25,2 milyon ABŞ dolları) investisiya yatırılıb.

Bu barədə “Report” holdinqin rüblük hesabatına istinadən xəbər verir.

Ötən ilin birinci rübündə kompleksin inkişafına 568,708 milyon türk lirəsi (14,7 milyon ABŞ dolları) investisiya yatırılıb, bu ilin yanvar-mart aylarının yekunları üzrə bunun həcmi 1,7 dəfə artıb.

"Cari il ərzində investisiyalar “Petkim” zavodlarının müasirləşdirilməsinə, ümumi abadlaşdırma və texnologiyaların inkişafına, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəldiləcək", - hesabatda qeyd olunub.

Bundan əlavə, sənədə əsasən, bu ilin birinci rübündə “Petkim” məhsullarının istehsal həcmi 599,293 min (+18,7 %) ton təşkil edib. Hesabat dövründə holdinq tərəfindən 444,185 min ton neft-kimya məhsulu (-1,7 %) satılıb. Hesabat dövründə kompleksin istehsal gücündən istifadə əmsalı ötən ilin yanvar-mart aylarındakı 57,7 %-lə müqayisədə 66,3 % təşkil edib.

Bildirilib ki, SOCAR-ın “Petkim” kompleksinin inkişafına yatırdığı illik investisiyanın həcmi təxminən 100 milyon ABŞ dolları təşkil edir. Ötən il SOCAR-ın “Petkim Petrokimya Holding”in inkişafına yatırdığı investisiyalar 6 milyard türk lirəsi (154,7 milyon ABŞ dolları) təşkil edib.

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

44 filmi