Pərviz Şahbazov: "Yaşıl enerji" layihələrində beynəlxalq əməkdaşlıq vacibdir"

Energetika
  • 01 iyun, 2026
  • 15:30
Pərviz Şahbazov: Yaşıl enerji layihələrində beynəlxalq əməkdaşlıq vacibdir

"Yaşıl enerji" ilə bağlı layihələrdə beynəlxalq əməkdaşlıq vacibdir və onların icrasına başlamağın vaxtı çatıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, regionda həyata keçirilməsi planlandırılan yaşıl enerji layihələri gələcək enerji təhlükəsizliyi üçün nəzərdə tutulub: "Biz onları bu gün icra etməyə başlamalıyıq, çünki bu, bir gecədə baş verməyəcək. Bu mənada beynəlxalq əməkdaşlıq vacibdir. Bu gün burada təmsil olunan bir çox ölkələr də bütün bu layihələrdə iştirak edir. Biz birlikdə işləməliyik və bu, bizim üstünlüyümüzdür".

Nazir vurğulayıb ki, enerji təhlükəsizliyinin əsas prinsipləri istehsal, eyni zamanda əlaqəlilik, logistika və istehsal tərəfi ilə istehlak tərəfini bir araya gətirməkdir: "Beləliklə, günəş və külək enerjisinin, xüsusən də Xəzər regionunda dəniz (offshore) külək enerjisinin potensialına nəzər salsaq, görərik ki, regionumuzun ölkələri üçün potensial olaraq təmin edilə biləcək enerji burada bizim tələbatımızı üstələyir. O, eyni zamanda buna ehtiyac duyulan Avropa bazarına çatdırıla bilər. Qarşıdakı illərə və Avropa elektrik bazarında artan tələbatın statistikasına nəzər salsaq, görərik ki, 2030-cu ilə qədər bazarda əlavə 300 teravat/saatlıq elektrik enerjisinə ehtiyac olacaq. Süni intellekt məlumat mərkəzlərinin, rəqəmsallaşmanın, elektrik nəqliyyatının inkişafını və sair nəzərə alsaq, bu rəqəm demək olar ki, iki dəfə artacaq".

"Bu o deməkdir ki, Avropada əlavə enerji və elektrik enerjisi mənbələrinə ehtiyac yaranacaq. Şəbəkənin çevikliyi məsələlərini də nəzərə almaq lazımdır. Biz görürük ki, artıq indi bərpa olunan enerjinin şəbəkə sistemlərimizə, istənilən ölkənin hər hansı bir şəbəkə sisteminə inteqrasiyası vasitəsilə kongestiya problemləri yarana bilər. Bu, hər yerdədir. Qlobal miqyasda bu problem mövcuddur və biz bununla məşğul olmalıyıq", - deyə P.Şahbazov əlavə edib.