Pərviz Şahbazov: "Transxəzər yaşıl enerji dəhlizi" üzrə tenderin nəticələri oktyabrda yekunlaşdırılacaq"
- 22 sentyabr, 2025
- 18:06

"Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi ekspertizasını aparmaq məqsədilə konsaltinq şirkətinin seçilməsi üzrə beynəlxalq tender proseduru gələn ay baş tutacaq.
"Report"un məlumatına görə, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
"Gələn ay "Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin texniki və iqtisadi ekspertizasını aparmaq üçün məsuliyyət daşıyan konsaltinq şirkətinin seçilməsi üzrə tender baş tutacaq. Prosesin Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə ilin sonuna qədər başlaması planlaşdırılır", - o qeyd edib.
P.Şahbazov həmçinin bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan yanaşmanı yenidən nəzərdən keçirib və vahid regional "yaşıl enerji" platformasının yaradılmasını hədəfləyirlər.
Qeyd edək ki, ADB iyul ayında "Mərkəzi Asiya-Azərbaycan Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin I mərhələsi üçün texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması məqsədilə konsaltinq şirkətinin seçilməsi üzrə beynəlxalq tender elan edib. Konsaltinq xidmətlərinin yerinə yetirilmə müddəti 11 ay, ümumi büdcəsi isə 1 milyon ABŞ dolları təşkil edəcək.
Layihəni ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) paritet əsasda birgə maliyyələşdirir. ADB satınalma prosesini əlaqələndirir, tenderin başa çatmasından sonra isə AİİB seçilmiş məsləhətçilərlə birbaşa müqavilələr bağlayacaq. İşlərin başlanmasının gözlənilən tarixi 3 noyabr 2025-ci ildir.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ADB və AİİB-in dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji təchizatı marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əməkdaşlıq haqqında saziş imzalayıblar.
Layihə 2024-cü ilin noyabrında COP29 konfransı çərçivəsində üç dövlətin liderləri arasında imzalanmış "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında sazişin davamı olub.