Pərviz Şahbazov: "Transxəzər dəhlizi Azərbaycan və Mərkəzi Asiyadan böyük həcmdə "yaşıl enerji" təchizatını təmin edəcək"
- 02 oktyabr, 2025
- 13:49

Asiyadan Avropaya geniş coğrafiya üzrə istehsal və idxal hablarının inteqrasiyası Azərbaycanın yaradılan "yaşıl enerji" platformasının əsas elementlərindən biridir.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda keçirilən XVI "Kazenergy" Avrasiya Forumunda çıxışı zamanı bildirib.
P.Şahbazov xatırladıb ki, Azərbaycanın bərpa olunan enerji sahəsində hazırkı genişmiqyaslı səyləri təkcə daxili enerji sistemində bu resursların payının 2030-cu ilədək təxminən 40 %-ə çatdırılmasına deyil, həm də regional və qlobal tərəfdaşlıqların qurulmasına yönəldilib.
"Azərbaycanın quru ərazisində və şelfində 2032-ci ilə qədər istehsal ediləcək 6 qiqavat külək və günəş enerjisinin 4 qiqavatının "Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi" vasitəsilə Avropaya təchiz edilməsi istiqamətində intensiv iş aparılır", - nazir vurğulayıb.
P.Şahbazov həmçinin qeyd edib ki, hazırda "Azərbaycan-Türkiyə-Avropa" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" "yaşıl enerji" dəhlizləri layihələri üzərində iş aparılır.
"Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirən bu layihələr həm də Mərkəzi Asiya ilə göstərilən regionlar arasında körpü rolunu oynama potensialına malikdir. Biz "Transxəzər yaşıl enerji dəhlizi"ni bu regionları əhatə edən geniş inteqrasiya olunmuş "yaşıl enerji" platformasının əsas elementi kimi görürük. Bu baxış Azərbaycan və Mərkəzi Asiyadan Türkiyə və Avropa bazarlarına irimiqyaslı bərpa olunan enerji təchizatını, Asiyadan Avropaya qədər geniş coğrafiyada istehsal və idxal hablarının inteqrasiyasını nəzərdə tutur", - nazir vurğulayıb.