Pərviz Şahbazov: "Qalıq yanacaqlarından imtina uğurlu keçid demək deyil"

Energetika
  • 07 sentyabr, 2026
  • 10:22
Pərviz Şahbazov: Qalıq yanacaqlarından imtina uğurlu keçid demək deyil

Enerji böhranı göstərdi ki, qalıq yanacaqlarından tələsik imtina uğurlu keçid demək deyil.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da (BCAW 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son enerji böhranı və elektrifikasiya, rəqəmsallaşma, süni intellekt, həmçinin məlumat mərkəzləri hesabına artan tələbat göstərib ki, qalıq yanacaqlarından tələsik imtina uğurlu enerji keçidi demək deyil: "​Əsas məsələ optimal tempdə bütün ətraf mühit narahatlıqlarını həll etməyə qadir olan təmiz, təhlükəsiz və davamlı enerji sistemini qurmaqdır. ​Bu yeni reallıqda yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin inkişafı, enerjinin saxlanılması (batareya sistemləri), enerji effekti və şəbəkələrarası əlaqələrin (interkonnektorların) yaradılması da eyni dərəcədə əhəmiyyətlidir".

Nazir qeyd edib ki, ​Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər də məhz bu yanaşmaya əsaslanırdı: "​Bu günə qədər 74 ölkə Qlobal Enerji Saxlanması və Şəbəkələr Öhdəliyinə, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji Öhdəliyinə qoşulub".