Pərviz Şahbazov: "Mövcud şəbəkələr elektrik enerjisinə artan tələbata tam hazır deyil"
- 01 iyun, 2026
- 17:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada süni intellekt və məlumat mərkəzləri səbəbindən elektrik enerjisinə tələbat sürətlə artır, mövcud şəbəkələr isə bu artıma tam hazır deyil.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi və iqlimlə bağlı məqsədlər, texnoloji innovasiyalar və artan enerji tələbatı qlobal enerji gündəliyini formalaşdıran əsas hərəkətverici qüvvələrə çevrilib: "Bu kontekstdə enerji keçidi sadəcə ekoloji məsələ deyil. O, eyni zamanda, iqtisadi inkişafın dayanıqlılığını dəstəkləyən, geosiyasi sabitliyə töhfə verən və yeni enerji əlaqələrinin formalaşmasına təkan verən strateji prosesdir".
Nazir qeyd edib ki, həmçinin, süni intellekt və məlumat mərkəzləri səbəbindən elektrik enerjisinə tələbat sürətlə artır, mövcud şəbəkələr isə bu artıma tam hazır deyil: "Başqa sözlə, əsas məsələ təkcə bərpa olunan mənbələr daxil olmaqla nə qədər elektrik enerjisi gücünün yaradılması deyil, həm də şəbəkənin bu enerjini qəbul və inteqrasiya etməyə nə dərəcədə hazır olmasıdır. Bu baxımdan, qlobal səviyyədə zəruri olan enerji keçidi investisiyalarının təşviqi və maliyyə resurslarına çıxış Mərkəzi Asiya regionu üçün də eyni dərəcədə aktualdır".