Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

Energetika
  • 17 aprel, 2026
  • 11:53
Pərviz Şahbazov: Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir

Enerji təhlükəsizliyi məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

"Report"un Antalyaya ezam olunmuş müxbirinin məlumatına görə, energetika naziri Pərviz Şahbazov bunu Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyasında bəyan edib.

"Bu günlərdə, məlum olduğu kimi, bir çox Yaxın Şərq ölkəsində çox ciddi böhran müşahidə olunur – bu, tarixi miqyaslı faciədir. Ümumilikdə söhbət qlobal enerji sektoruna daxil olmayan təxminən 12 milyon bareldən gedir", - nazir deyib.

Onun sözlərinə görə, eskalasiyadan əvvəl Hörmüz boğazı vasitəsilə neft və LNG-nin 80 %-dən çoxu Asiyaya yönəldilirdi: "Həmçinin Avropa İttifaqının LNG-nin təxminən 8,5 %-i, neftinin 7 %-i, aviasiya yanacağı və dizelin 40 %-i Hörmüz boğazı ilə daşınırdı. Məhz buna görə Avropa neft və qaz ticarəti, eləcə də ümumilikdə enerji təchizatı baxımından son dərəcə həssas olaraq qalır".

P.Şahbazov əlavə edib ki, Azərbaycan bu böhranın (Hörmüz boğazının bağlanmasının yaratdığı böhran -red.) nəticələrini o qədər də kəskin hiss etmir: "Lakin biz "OPEC+" formatının məsuliyyətli iştirakçısıyıq və həmişə müxtəlif məsələlər, o cümlədən bu cür böhranlar üzrə həll yollarının tapılmasının tərəfdarıyıq".