Pakistan Azərbaycandan kreditlə avtomobil benzininin idxalı üçün danışıqları bərpa edib
- 26 dekabr, 2022
- 08:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə avtomobil benzininin idxalı ilə bağlı danışıqlara başlayıb.
“Report”un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, Pakistan ciddi enerji böhranı və kənardan yanacağın qiymətləri ilə mübarizə apardığı bir vaxtda Azərbaycanla kreditlə benzin idxal etmək üçün danışıqları bərpa edib.
Pakistan hökuməti ölkə üçün əlverişli kredit şərtləri axtarır və sövdələşmə hökumətlər arası (G2G) razılaşma yolu ilə həyata keçirilərsə, bu, avtomobil benzinin ölkəyə uzunmüddətli tədarükünü təmin edəcək. Pakista hökuməti SOCAR-dan hər ay 1-2 partiya avtomobil benzini alacağına ümid edir.
Rəsmi İslamabad 20 min ton qaz idxalı üçün Bakı ilə danışıqlar aparır və hökumət yaxın aylarda saziş imzalayacağına ümid edir.
Xatırladaq ki, iki ölkə daha əvvəl 2017-ci ildə hökumətlərarası saziş imzalayıb. Bu sazişə əsasən, SOCAR soba mazutu, benzin, dizel yanacağı və mayeləşdirilmiş təbii qaz (LNG) kimi neft və qaz məhsullarını tədarük etməli idi. SOCAR daha əvvəl Pakistana 60 gün müddətinə LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dolları məbləğində iki ayrı kredit xətti təklif edib.