"Özbəkneftqaz"ın əməkdaşları SOCAR-ın risklərin idarə edilməsi sistemi ilə tanış olublar
- 24 sentyabr, 2025
- 17:25

Özbəkistanın "Özbəkneftqaz" şirkətinin əməkdaşlarından ibarət qrup Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə kadr hazırlığı üzrə əməkdaşlıq memorandumu çərçivəsində Bakıya səfər edib.
Bu barədə "Report" "Özbəkneftqaz"a istinadən xəbər verir.
"Neft-qaz biznesində risklərin idarə edilməsi" mövzusunda təcrübə çərçivəsində maliyyə və komplayns-nəzarəti departamentinin mütəxəssisləri ilk dəfə SOCAR-ın risklərin idarə edilməsi və maliyyə nəzarəti sistemi ilə tanış olublar. Onlar, həmçinin bir sıra görüş və təlimlərdə iştirak edib, həmkarları ilə peşəkar təcrübə mübadiləsi aparıblar.
Təcrübənin yekunları üzrə "Özbəkneftqaz"ın fəaliyyətində risklərin idarə edilməsi proseslərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübələrin tətbiqi planlaşdırılır.
"Şirkətlər arasında əməkdaşlıq təkcə personalın ixtisasının artırılmasına deyil, həm də ikitərəfli təcrübə mübadiləsinə, eləcə də təşkilatlar arasında əlaqələrin möhkəmlənməsinə kömək edir", - şirkətin məlumatında bildirilib.