Ötən il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 13 %-dək artıb
- 21 yanvar, 2023
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin dekabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19,897 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 2,383 milyon barel və yaxud 13,6 % çoxdur.
2022-ci il ərzində isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 225,445 milyon barel neft nəql edilib. Bu, 2021-ci illə müqayisədə 25,296 milyon barel və yaxud 12,64 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.