Ötən il SOCAR BƏƏ-dəki aktivlərindən gəlirlərini 3 dəfə artırıb
- 27 iyun, 2024
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ildə əldə etdiyi gəlirlərin 5 milyard 676 milyon manatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) payına düşüb.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.
Sənədə əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.
Həmçinin, ötən il SOCAR-ın gəlirlərinin 58 milyard 649 milyon manatı İsveçrənin payına düşüb ki, bu, 2022-ci illə müqayisədə 24,5 % azdır.
Ötən il SOCAR Türkiyədəki aktivlərindən 8 milyard 795 milyon manat gəlir əldə edib. Bu da daha əvvəlki 2022-ci ilin göstəriciləri ilə müqayisədə 2,75 dəfə azdır.
Hesabat dövründə SOCAR-ın Gürcüstanda 1 milyard 559 milyon manat, digər ölkələrdə isə 2 milyard 289 milyon manat gəliri olub. 2022-ci illə müqayisədə SOCAR-ın Gürcüstandakı gəlirləri 4,23 %, sair ölkələrdəki gəlirləri isə 18,8 % azdır.
Ötən il ərzində SOCAR-ın ölkədəki gəlirləri 8 milyard 233 milyon manat olub ki. Bu da 2022-ci ilin göstəriciləri ilə müqayisədə 34,5 % azdır.
Xatırladaq ki, 2023-cü ildə SOCAR-ın aktivlərindən gəlirləri 85 milyard 201 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 39,9 % azdır.