Ötən il "Şahdəniz" yatağından hasil edilən qazın həcmi açıqlanıb
- 12 fevral, 2026
- 12:13
2025-ci il ərzində Xəzər dənizinin milli sektorunda yerləşən "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.
"Report" xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
Hesabat dövründə "Şahdəniz" yatağından qaz hasilatının həcmi 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1 milyard standart kubmetr və ya 3,6 % azdır. 2024-cü illə müqayisədə isə ötən il kondensat hasilatının həcmi eyni qalıb.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.