Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 3 dəfəyə yaxın artıb

Energetika
  • 12 fevral, 2024
  • 12:19
Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 3 dəfəyə yaxın artıb

2023-cü ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 77,7 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2023-cü ilin yekunları ilə bağlı yaydığı hesabataistinadən xəbər verir.

Bu, 2022-cü ilin nəticələri ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 7,9 % çoxdur.

2023-cü ildə boru kəmərinin əsaslı xərcləri 13,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci il göstəricisindən 8,8 milyon ABŞ dolları və ya 2,8 dəfə çoxdur.

Məlumata görə, 2023-cü ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,1 milyon kubmetr olub ki, bu da illik müqayisədə 2,7 milyon kubmetr və ya 4,7 % çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBK-nin genişləndirilməsi layihəsi (CQBKG) çərçivəsində isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

CQBK şirkətinin səhmdarları qismində BP (29,99 %), "LUKoil" (19,99%), Cənub Qaz Dəhlizi (21,02 %), "Lukoil” (19,9 %),NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.