Ötən il “Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti 2 dəfədən çox artıb
- 23 iyun, 2023
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Cənub Qaz Dəhlizi” QSC (SGC) 2022-ci ili 1 milyard 608,399 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,13 dəfə çoxdur.
Ötən il SGC-nin əməliyyat gəlirləri 2 milyard 649,957 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 50,3 % çox), satışının maya dəyəri 344,916 milyon ABŞ dolları (4,9 % çox), ümumi və inzibati xərcləri 306,259 milyon ABŞ dolları (15,3 % çox), nəqletmə xərcləri 74,246 milyon ABŞ dolları (15,4 % çox), digər gəlirləri 54,911 milyon ABŞ dolları (2,1 dəfə çox), faiz gəlirləri 87,004 milyon ABŞ dolları (2,6 dəfə çox), asılı müəssisələrdən gəlirləri 62,315 milyon ABŞ dolları (8,9 % az), maliyyə xərcləri 551,514 milyon ABŞ dolları (32,1 % çox), məzənnə fərqindən zərəri 524 min ABŞ dolları (5,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 30,583 milyon ABŞ dolları (1,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SGC-nin aktivləri 13 milyard 783,856 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 8,77 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 6,6 % azalaraq 8 milyard 080,539 milyon ABŞ dollarına düşüb, balans kapitalı isə 41,7 % artaraq 5 milyard 703,317 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SGC Azərbaycan Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.