Ötən il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Energetika
  • 17 yanvar, 2025
  • 12:28
Ötən il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 38 milyon 752,1 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisinə nisbətən 2,5 % azdır.

Ötən dövr ərzində nəqletmənin 76 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə 29 milyon 470,9 min ton neft ötürülüb. Bu, 2023-cü illə müqayisədə 2,4 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 82 %-ini və ya 24 milyon 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18 %-ini və ya 5 milyon 298,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 3,1 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 1,1 % artıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

“BTC Ko.”nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.