Ötən il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 42 %-dək artıb

Energetika
  • 18 yanvar, 2023
  • 13:37
Ötən il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 42 %-dək artıb

2022-ci il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2021-ci ilə nisbətən 7,9 % çoxdur.

Ötən il ərzində nəqletmənin 78,7 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ili ərzində BTC vasitəsilə 29 milyon 749,6 min ton neft ötürülüb. Bu isə 2021-ci illə müqayisədə 12,6 % çoxdur..

Dövr ərzində BTC kəməri ilə 5 milyon 103,9 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 41,8 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.