Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-ə yaxın artıb

Energetika
  • 17 yanvar, 2025
  • 12:52
Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-ə yaxın artıb

2024-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 40 milyard 348,3 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilə nisbətən 2,7 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 56,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 22 milyard 851,9 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 4,8 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə