Ötən il “Azərişıq” külək elektrik enerjisi istehsalını 5 %-dən çox azaldıb
- 16 yanvar, 2023
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il ərzində “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 2022-ci il üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatında deyilir.
Bildirilir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon kVt/saat və ya 5,3 % azdır.
Ötən dövr ərzində ölkədə müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 264,2 milyon kVt/saat təşkil edib ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 36,7 milyon kVt/saat və ya 1,6 % azdır.
Hesabat dövründə 2021-ci ilə nisbətən nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 785,1 milyon kVt/saat artaraq 27 milyard 043,9 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 318,5 milyon kVt/saat artaraq 1 milyard 595,7 milyon kVt/saat təşkil edib.
Məlumata görə, digər mənbələr (Külək Elektrik Stansiyalarında (KES), Günəş Elektrik Stansiyalarında (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) üzrə isə 9,6 milyon kVt/saat və ya 2,8 % artıb.
Ötən i ərzində külək elektrik stansiyalarında 83,3 milyon kVt/saat (- 9 %), günəş elektrik stansiyalarında 60,9 milyon kVt/saat (+ 10,3 %), BMTYZ-də isə 205,3 milyon kVt/saat (+ 6,3 %) elektrik enerjisi istehsal edilib.
2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 milyard 186,9 milyon kVt/saat (İES-lərdə 24 milyard 708,2 milyon kVt/saat, SES-lərdə 1 milyard 478,7 milyon kVt/saat) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 % çoxdur.
Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 474,8 milyon kVt/saat (İES-lərdə 315,84 milyon kVt/saat, SES-lərdə 102,52 milyon kVt/saat, GES-də 56,41 milyon kVt/saat) təşkil edib ki, bu da illik müqayisədə 23,8 milyon kVt/saat və ya 5,3 % çoxdur.
Qeyd edək ki, 2022-ci il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 milyard 113,2 milyon kVt/saat, yəni 4 % artaraq 28 milyard 988,5 milyon kVt/saat olub. Ötən ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon kVt/saat və ya 5 % artaraq 2 milyard 724,1 milyon kVt/saat olub.