Ötən il Azərbaycan Yunanıstana qaz ixracını 43 %-dən çox artırıb

Energetika
  • 15 fevral, 2024
  • 10:04
Ötən il Azərbaycan Yunanıstana qaz ixracını 43 %-dən çox artırıb

2023-cü ildə Azərbaycan Yunanıstana 1 milyard 117 milyon 467,2 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yunanıstana ixrac edilən təbii qazın dəyəri 900 milyon 286,15 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci illə müqayisədə həcm baxımından 338 milyon 130,3 min kubmetr (43,4 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 241 milyon 653,71 min ABŞ dolları (21,2 %) azdır.

2023-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 26 milyard 623 milyon 473,52 min kubmetr həcmində təbii qaz ixrac edib. Ötən il Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 13 milyard 678 milyon 344,14 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci illə müqayisədə 40,38 % çox, dəyəri isə 8,75 % azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,35 % təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

44 - Tezliklə