Ötən il Azərbaycan Türkiyəyə qaz nəqlini 23 %-dək azaldıb
- 28 fevral, 2022
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycan Türkiyəyə 8 milyard 820,24 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2020-ci ilin dövrü ilə müqayisədə 22,7 % azdır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
2021-ci ilin dekabr ayında Azərbaycan Türkiyəyə 747,34 milyon kubmetr təbii qaz ixrac edib, bu da Məlumata görə, bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 32,21 % azdır.
Bununla da dekabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən dördüncü ölkə olub ki, onun da payı Türkiyəyə idxal edilən ümumi təbii qazdakı payı 12,08 % təşkil edib.
Bu ilin dekabr ayında Türkiyə ümumilikdə 6 milyard 184,26 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 1,21 % azdır.
Qeyd edək ki, dekabr ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 66,76 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 29,91 % azdır. Rusiya Türkiyəyə ixrac edilən ümumi qazın 33,42 % payına malikdir.
İkinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə dekabrda Türkiyəyə 1 milyard 053,71 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 92,64 % çoxdur. ABŞ Türkiyəyə ixrac edilən ümumi qazın 17,04 % payına malikdir
Üçüncü yerdə isə İran qərarlaşıb. Bu ölkə dekabrda Türkiyəyə 855,06 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 4,45 % çoxdur. İran Türkiyəyə ixrac edilən ümumi qaz həcminin 13,83 % payına malikdir
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.