Ötən il Azərbaycan Türkiyəyə neft satışını 56 %-dən çox artırıb
- 19 yanvar, 2024
- 12:54
2023-cü ildə Azərbaycan Türkiyəyə 1 milyon 202 min 207,86 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 676 milyon 306,62 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 56,4 %, dəyəri isə 34,7 % çoxdur.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,62 % olub.
Gömrük bəyannamələrinə əsasən, 2023-cü ildə Azərbaycan 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.