Ötən il Azərbaycan metanol ixracını cüzi artırıb

Energetika
  • 19 yanvar, 2024
  • 07:09
Ötən il Azərbaycan metanol ixracını cüzi artırıb

Ötən il Azərbaycan gömrük bəyannamələrinə əsasən, 501 min 571,52 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 89 milyon 858,38 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 0,55 % çox və 31,9 % azdır.

Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,68 %, ölkənin ümumi ixracındakı payı isə 0,27 % olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.