Ötən il Azərbaycan Gürcüstana qaz nəqlini 14 %-dək artırıb
- 13 yanvar, 2023
- 12:53
Ötən il Azərbaycandan Gürcüstana 2,5 milyard kubmetr həcmində təbii qaz ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə operativ məlumatlarında deyilir.
Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 0,3 milyard kubmetr və ya 13,6 % çoxdur.
2022-ci il ərzində Azərbaycandan Türkiyəyə qaz nəqlinin həcmi 8,4 milyard kubmetr təşkil edib ki. Bu da 2021-ci illə müqayisədə 0,1 milyard kubmetr və ya 1,2 % azdır. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə eynidir.
Ötən il ərzində Avropaya 11,4 milyard kubmetr qaz satılıb. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 3,2 milyard kubmetr və ya 39 % çoxdur.
2022-ci il ərzində Azərbaycandan xaricə ümumi qaz satışı 22,3 milyard kubmetr təşkil edib. Bu, 2021-ci illə müqayisədə 18 % çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.