Ötən il ARDNF-ə ödənilən akrhesabı ödənişlərin həcmi açıqlanıb

Energetika
  • 20 iyun, 2023
  • 10:02
Ötən il ARDNF-ə ödənilən akrhesabı ödənişlərin həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2022-ci ildə ümumilikdə 5,6 milyon manat və ya 3,3 milyon ABŞ dolları məbləğində akrhesabı ödənişlər köçürülüb.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu ödənişlər 2022-ci il üçün təsdiq edilən rəqəm ilə müqayisədə 105,6 % səviyyəsində icra edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “BP Exploration (Azərbaycan) limited” və SOCAR-ın ortaq neft şirkəti arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü Sazişi (HPBS) çərçivəsində kontrakt sahəsinin ərazisi təxminən 1 059 kvadrat kilometrə görə 2,1 milyon ABŞ dolları məbləğində akrhesabı ödəniş edilib.

Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən kontrakt sahəsinin ərazisi təxminən 321 km2-ə görə ümumilikdə 0,8 milyon ABŞ dolları məbləğində akrhesabı vəsaiti ödənilib. Kəşfiyyat dövrü üçün Illik akhesabı ödənişi 0,6 milyon ABŞ dolları, həmçinin kontrakt sahəsinin 208 km2-nin kəşfiyyat dövrü üçün may-sentyabr ayları üzrə akhesabı ödənişi 0,2 milyon ABŞ dolları təşkil edib.

“Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin 28.1-ci maddəsinə əsasən, əsas kəşfiyyat dövrü və Əlavə kəşfiyyat dövrü ərzində (Podratçı Əlavə kəşfiyyat dövrünə(dövrlərinə) keçərsə) yalnız podratçı tərəfindən kontrakt sahəsinin hər kvadrat kilometri üçün 2 min ABŞ dolları, ümumilikdə 0,34 milyon ABŞ dolları məbləğində illik akrhesabı haqq ödənilməsi müəyyən edilib.

44 - Tezliklə