Ötən il AÇG-nin əməliyyat xərcləri 7 %-dən çox artıb

Energetika
  • 12 fevral, 2024
  • 09:42
Ötən il AÇG-nin əməliyyat xərcləri 7 %-dən çox artıb

Ötən il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 504 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1,518 milyard ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Ötən il ərzində AÇG üzrə əməliyyat xərcləri 2022-ci illə müqayisədə 34 milyon ABŞ dolları və ya 7,24 % çox, əsaslı xərclər isə 106 miyon ABŞ dolları və ya 6,53 % azdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.