Ötən il AÇG-dən neft hasilatı 4 %-dən çox azalıb

Energetika
  • 10 iyun, 2022
  • 11:01
Ötən il AÇG-dən neft hasilatı 4 %-dən çox azalıb

2021-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 167,01 milyon barel neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,59 milyon barel və ya 4,35 % azdır.

Belə ki, ötən il bu yataqlar blokundan 171,6 milyon barel neft hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 4,59 milyon barel və ya 2,67 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.