Neft Fondunun ötən ay AÇG-dən gəlirləri 8 %-dən çox azalıb
- 08 fevral, 2023
- 11:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 625,074 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 58,04 milyon ABŞ dolları və yaxud 8,5 % azdır.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayı ərzində ARDNF AÇG-dən 683,114 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.