Ötən ay Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlanıb

Energetika
  • 13 fevral, 2025
  • 14:52
Ötən ay Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 0,1 milyon ton və ya 4,8 % azdır.

Bu ilin ilk ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xətti ilə neft ixracı 0,25 milyon ton təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,05 milyon ton və ya 16,7 % azdır.

Hesabat dövründə konsorsium 1,7 milyon ton neft ixrac edib. Bu isə il ərzində 0,1 milyon ton və ya 5,5 % azalıb.

Yanvarda Azərbaycandan ixrac olunan neftin 0,05 milyon tonu “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

44 - Tezliklə