Ötən ay Azərbaycanın ixrac etdiyi neftin 12 %-dən çoxu İtaliyanın payına düşüb
- 19 fevral, 2024
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycandan İtaliyaya 179 min 236,62 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 110 milyon 546,51 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk ayının göstəricilərilə müqayisədə 4,74 dəfə, dəyəri isə 4,87 dəfə azdır.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 12,26 % olub.
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 863 milyon 453,88 min ABŞ dolları dəyərində 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Tcarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 11 milyon 117 min 529,86 ton xam neft ixrac edilib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 77 milyon 115,41 min ABŞ dolları təşkil edib.