Ötən ay Azərbaycanda neft məhsullarının istehsal həcmi açıqlanıb
- 20 fevral, 2026
- 17:31
Bu ilin yanvar ayında Azərbaycanda 193,4 min ton dizel yanacağı istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 14,4 % azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 398,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 16,4 % azalıb.
Ötən ay Azərbaycanda 5,8 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin ilk ayı ilə müqayisədə 67,8 % azdır.
Ötən ay ərzində Azərbaycanda 114,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar ayı ilə müqayisədə 7,3 % azdır.
Hesabat dövründə 2,3 min ton sürtkü yağları, 6,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 32,4 %, neft bitumunun istehsalı isə 65,8 % azalıb.
Həmçinin, hesabat ayında ölkədə 16,8 min ton maye qazlar, 47,5 min ton ağ neft, 19,2 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 9,1 % artıb, ağ neftin istehsalı isə 22,6 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.