Ötən ay Azərbaycan İsrailə neft ixracından qazancını 56 % artırıb
- 16 fevral, 2023
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycandan İsrailə 381 min 940,3 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 237 milyon 065,03 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 43,2 %, dəyəri isə 55,8 % çoxdur.
Yanvarda Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 17 % olub.
Xatırladaq ki, bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 milyon 246 min 118,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 1 milyard 397 milyon 747,32 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.