Orxan Zeynalov: "Azərbaycan elektrik enerjisinin ixrac imkanlarını genişləndirir"

Energetika
  • 07 sentyabr, 2026
  • 17:43
Orxan Zeynalov: Azərbaycan elektrik enerjisinin ixrac imkanlarını genişləndirir

Azərbaycan bərpa olunan enerji güclərini artırmaqla yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da genişləndirir.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji gücünü və sərhədlərarası ötürücü dəhlizlərini genişləndirərək yaşıl enerjiyə keçidə rəhbərlik edir: "2027-ci ilə qədər ümumi gücü 2 QVt olan 11 günəş və külək layihəsinin milli enerji sistemimizə inteqrasiya olunması gözlənilir. Bərpa olunan enerji mənbələrinin 2030-cu ilə qədər ümumi qoyuluş gücündə payının 39 %-ə, 2035-ci ilə qədər isə təxminən 43 %-ə çatacağı gözlənilir. Yalnız gələn ilin sonuna qədər 2 QVt bərpa olunan enerji gücünün istifadəyə verilməsi 5 milyard kVt/saat elektrik enerjisi istehsalına, təxminən 1,1 milyard kubmetr təbii qaza qənaət edilməsinə və istixana qazı emissiyalarının ildə 2,5 milyon ton azaldılmasına imkan verəcək".

Nazir müavini qeyd edib ki, Azərbaycan 2032-ci ilə qədər quruda və dənizdə 8 QVt-a yaxın bərpa olunan enerji gücü inkişaf etdirəcək: "Bu enerjini planlaşdırılan məlumat və süni intellekt mərkəzlərinin enerji təchizatına yönəltməklə yanaşı, 4 interkonnektor vasitəsilə ixrac etməyi planlaşdırırıq. Lakin bərpa olunan enerji istehsalı güclərinin yaradılması tapşırığın yalnız bir hissəsidir. Bu gün Mərkəzi Asiyadan Avropaya qədər uzanan regionda enerji əlaqələri coğrafiyanı sürətlə dəyişir".